Cəmiyyət

"Vital Hospital"ın stasionar tibbi xidməti dayandırılıb

11 saat 12 baxış 97% yoxlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin keçirdiyi plandankənar yoxlama nəticəsində Bakıda fəaliyyət göstərən "Vital Hospital" kimi tanınan "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də stasionar tibbi xidmətin fəaliyyəti dayandırılıb. Yoxlama iyulun 21-23-ü tarixlərində aparılıb və nəticədə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradan çoxsaylı qanun pozuntuları aşkar edilib.

Yoxlama zamanı müəyyən edilib ki, klinikada tibbi məmulatların və alətlərin sterilizasiyası sanitariya norma və qaydalarına uyğun aparılmayıb. Bundan başqa, "Lisenziyalar və İcazələr haqqında" qanunun tələbləri pozulub, lisenziyanın şərtlərinə əməl olunmayıb. Müəssisədə bir sıra tibbi sahələr üzrə — terapevtik, kardioloji, ginekoloji, pediatrik, cərrahi və digər istiqamətlərdə lazımi prosedur otaqları təşkil edilməyib. Kardioloq və ginekoloqun qəbulu eyni otaqda aparılıb, peyvənd üçün məişət soyuducusundan istifadə olunub, biomateriallarla reagentlər bir yerdə saxlanılıb.

Klinikada rentgenoloji fəaliyyət göstərilsə də, xüsusi icazə sənədinin müddəti bitib və radioloji gigiyenik pasport təqdim edilməyib. Tibbi tullantıların idarə olunması qaydaları kobud şəkildə pozulub: tullantılar çeşidlənməyib, kəsici və deşici tullantılar üçün nəzərdə tutulan qutulardan iynə ucları çıxıb. Həmçinin, müəssisədə yararlılıq müddəti bitmiş dərman və tibbi vasitələr aşkar edilib.

Kadr təyinatında da pozuntular müəyyən olunub. İxtisasca laborant olan şəxs baş tibb bacısı vəzifəsinə, şüa diaqnostikası üzrə mütəxəssis isə radioloq vəzifəsinə təyin edilib. Bəzi əməkdaşların əmək müqavilələri yoxlamaya təqdim edilməyib. Bundan əlavə, klinikada lisenziyadan kənar kosmetoloji xidmətlər göstərildiyi və bu işlə dermatoveneroloq həkimin məşğul olduğu aşkarlanıb.

Aşkar edilən pozuntular müəssisənin fəaliyyətinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığını sübut etdiyindən, stasionar tibbi xidmətin dayandırılması qərara alınıb. Sahibkara nöqsanları aradan qaldırmaq üçün 10 iş günü vaxt verilib. Müddət bitdikdən sonra klinikada yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun qərar veriləcək. Qeyd edək ki, bir müddət əvvəl bu klinikanın zirzəmisində ölü döl tapılması ilə bağlı sosial mediada məlumat yayılmışdı.

Mənbələr

← bütün xəbərlər