"Vital Hospital"da yoxlama: aşkar edilən qanun pozuntuları və stasionar xidmətin dayandırılması
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) "Vital Hospital" kimi tanınan "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də plandankənar yoxlama aparıb. Yoxlamanın nəticələrinə görə, klinikada insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradan çoxsaylı qanun pozuntuları aşkar edilib. Bu barədə AEM-in APA-ya verdiyi məlumatda bildirilir.
Yoxlama zamanı məlum olub ki, tibbi məmulatların dezinfeksiyası və sterilizasiyası, həmçinin alətlərin sterilizasiyası sanitariya norma və qaydalarına uyğun aparılmayıb. Klinikada "Lisenziyalar və İcazələr haqqında" qanunun tələbləri pozulub, lisenziyanın şərtlərinə əməl olunmayıb. Müəssisədə ambulator xidmət üzrə bir sıra ixtisaslar üzrə (terapevtik, kardioloji, ginekoloji və s.) prosedur otaqları təşkil edilməyib, pediatriya otağında peyvənd sahəsi yaradılıb, kardioloq və ginekoloqun qəbul otaqları birgə yerləşdirilib.
Bundan əlavə, peyvənd üçün məişət tipli soyuducudan istifadə olunub, biomateriallar və reagentlər eyni soyuducuda saxlanılıb. Rentgenoloji fəaliyyət üzrə xüsusi icazənin müddəti bitib, radioloji gigiyenik pasport təqdim edilməyib. Tibbi tullantıların idarə olunması qaydaları pozulub: cavabdeh şəxs təyin olunmayıb, tullantılar açıq və əlçatan yerdə saxlanılıb, kəsici və deşici tullantılar üçün nəzərdə tutulan qutularda iynə ucları aşkar edilib.
Müəssisədə tibb işçilərinin ixtisaslarına uyğun vəzifələrə təyin edilməməsi də müəyyən edilib. Məsələn, ixtisasca laborant "baş tibb bacısı" vəzifəsində çalışıb, şüa diaqnostika həkimi isə radioloq kimi fəaliyyət göstərib. Bəzi əməkdaşların əmək müqavilələri yoxlamaya təqdim edilməyib. Həmçinin, lisenziyadan kənar kosmetoloji fəaliyyətin aparıldığı, yararlılıq müddəti bitmiş dərman və tibbi vasitələrin olduğu aşkarlanıb.
AEM-in qərarına əsasən, "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də stasionar tibbi xidmətin fəaliyyəti dayandırılıb. Sahibkara aşkar edilən nöqsanların 10 iş günü ərzində aradan qaldırılması barədə göstəriş verilib. Müddət bitdikdən sonra klinikada yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, bir müddət əvvəl "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilirdi.