Türkiyənin Aydın və Balıkesir vilayətlərində meşə yanğınları davam edir
Türkiyənin Aydın və Balıkesir vilayətlərində meşə yanğınları hələ də davam edir. Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib. Nazirin sözlərinə görə, Aydının Çine və Balıkesirin Gömeç rayonlarında yanğınların söndürülməsi üçün işlər fasiləsiz aparılır.
Eyni zamanda, Muğla, Antalya və Mersin vilayətlərində baş vermiş meşə yanğınları tam nəzarət altına alınıb. Aydın vilayətinin Çine rayonunda yanğın səbəbilə 150 evdən ibarət Dutluoluk məhəlləsinin sakinlərinin təxliyəsinə başlanılıb. Jandarma qüvvələri evlərin boşaldılması ilə bağlı elan verib və sakinlərin təhlükəsiz şəkildə ərazidən çıxarılması təmin edilir.
Bildirilir ki, Türkiyədə son sutka ərzində ümumilikdə 169 meşə yanğını qeydə alınıb. Onlardan 163-ü tam nəzarət altına alınıb, qalan yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.