Tiktoker-müğənni Günəş saxlanılaraq psixiatriya xəstəxanasına yerləşdirilib
Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə məlumatı “Patrul.az” yayıb. Onun son dövrlərdə sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.
Araşdırma çərçivəsində Günəş müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib. Qərarın konkret hansı əsaslarla verildiyi və onun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, bu, son vaxtlar sosial media ulduzlarının davranışları ilə bağlı aparılan araşdırmalar fonunda baş verib. Günəşin paylaşımları bir müddətdir ki, sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olurdu.
Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama gözlənilir.