Daşkəsəndə ilk dəfə açıq havada milli kino seansı keçirilib
2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil edilib. Tədbir "AzerGold" QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
Seans çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Neft" tammetrajlı bədii filmi nümayiş etdirilib. Tarixi bioqrafik dram janrında çəkilmiş ekran əsəri görkəmli sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu və milli inkişaf naminə gördüyü işlər bədii formada təqdim olunur. Layihənin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır.
Qeyd edək ki, "Tağıyev: Neft" filmi Azərbaycanın 98-ci "Oskar" mükafatları üçün "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyası üzrə rəsmi namizəd kimi irəli sürülüb.
Nümayiş Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzinin ərazisində xüsusi quraşdırılmış açıq hava kinoteatrında baş tutub. Filmi 600 nəfərdən çox tamaşaçı izləyib və nümayiş böyük maraqla qarşılanıb.
Bu cür təşəbbüslər milli kino irsinin təbliği, Azərbaycan kinosunun uğurlarının regionlarda daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyır. Layihələr "AzerGold" QSC-nin fəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvi dəyərlərin və kino sənətinin təbliğinə töhfə verir, həmçinin ölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə tanış olmasına və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.