Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze dövlət universitetlərində ali təhsilin pulsuz olacağını açıqlayıb. Onun sözlərinə görə, yeni maliyyələşmə modeli tələbələrin təhsilə marağını və motivasiyasını qorumağa yönəlmiş mexanizmləri nəzərdə tutur.
Kobaxidze qeyd edib ki, tələbə bir semestr ərzində iki fənndən imtahan verə bilməzsə, üçüncü semestrdən etibarən onun üçün dövlət maliyyələşməsinin həcmi azaldılacaq. Baş nazir vurğulayıb ki, bu tədbir yalnız təhsilə motivasiyanı artırmaq məqsədi daşıyır.
Baş nazir həmçinin bildirib ki, ölkədə yüksək iqtisadi artım templərinin əsas səbəblərindən biri korrupsiyanın kökünün kəsilməsidir. Onun sözlərinə görə, iyul ayında Gürcüstan iqtisadiyyatı 8,6% artıb, ilin ilk altı ayında orta artım isə 7,9% təşkil edib ki, bu da Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutlarının proqnozlarını üstələyib.