Soydaşımız Hüseyn Kamalzadə Almaniyanın Erlangen şəhərində nüfuzlu vəzifəyə seçilib
Almaniyada yaşayan azərbaycanlı Hüseyn Kamalzadə Erlangen şəhərində keçirilən bələdiyyə seçkilərində Əcnəbilər və İnteqrasiya üzrə Məsləhət Şurasının rəsmi üzvü seçilib. Bu vəzifə Almaniya vətəndaşlığı olmayan şəxslər üçün şəhər idarəçiliyində əldə edilə bilən ən yüksək səviyyəli seçkili təmsilçilik mövqelərindən biri hesab olunur. Məlumat Diasporla İş üzrə Dövlət Komitəsindən verilib.
Seçkilərdə Hüseyn Kamalzadə Hindistan, İran, Suriya, Çin, Qazaxıstan, Ermənistan və Pakistandan olan namizədləri geridə qoyaraq seçicilərin etimadını qazanıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, ona verilən səslərin təxminən dörddə üçü müxtəlif millətlərin nümayəndələrindən gəlib. Bu nəticə soydaşımızın fərqli icmalar arasında qazandığı nüfuzun və qarşılıqlı hörmətə əsaslanan fəaliyyətinin göstəricisi kimi qiymətləndirilir.
Yeni seçildiyi vəzifə ilə bağlı fikirlərini bölüşən Hüseyn Kamalzadə bildirib ki, bu etimadı böyük məsuliyyət kimi qəbul edir. O, qarşıdakı altı illik mandat dövründə şəhərdə yaşayan bütün insanların, xüsusilə də miqrantların, tələbələrin və ailələrin maraqlarını vicdanla təmsil etmək, inteqrasiyanı və bərabər imkanları təşviq etmək üçün əlimdən gələni edəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu, Almaniyada yaşayan azərbaycanlıların səsinin daha yüksək eşidilməsi və cəmiyyətin layiqincə təmsil olunması deməkdir.
Hüseyn Kamalzadənin bu uğuru təkcə şəxsi nailiyyət deyil, həm də Almaniyada yaşayan Azərbaycan icmasının nüfuzunun artmasının və diasporun inkişafının növbəti göstəricisi sayılır. O, həmçinin bu il FAU Erlangen–Nürnberg Universitetinin Tibb fakültəsinin doktorantı olaraq universitetin Doktorantlar Konvensiyasının sədr müavini seçilib.
Erlangen və onun ətraf regionu Almaniyanın ən mühüm iqtisadi və elmi mərkəzlərindən biridir. Burada Adidas, Puma, Schaeffler və Siemens kimi dünya miqyasında tanınan beynəlxalq şirkətlər yerləşir. Bu baxımdan, şəhərin idarəçiliyində azərbaycanlı nümayəndənin təmsil olunması həm yerli, həm də beynəlxalq müstəvidə xüsusi əhəmiyyət daşıyır.