Şirvan kanalının bərpa işləri tam yekunlaşıb
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində baş vermiş sızma nəticəsində zədələnən bənd tam bərpa edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, təmir-bərpa işləri artıq yekunlaşıb və suyun verilişi mərhələli şəkildə bərpa olunub.
Bildirilib ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında su təchizatı tam bərpa edilib. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının su ilə təminatı isə sabah axşam saatlarınadək, bütün ərazilər üzrə tam həcmdə suyun verilməsi 7 avqust səhər saatlarından həyata keçiriləcək.
Hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa edilib və suyun verilməsi təmin olunub. Sakinlərin su təminatında müvəqqəti fasilə yarandığı üçün həmin ərazilərə su maşınları cəlb edilib, vətəndaşlar su ilə təmin olunublar.