Şərqi Zəngəzurda Diaspor Gənclərinin VII Yay Düşərgəsi açılıb
Şərqi Zəngəzurda Diaspor Gənclərinin VII Yay Düşərgəsi öz işinə başlayıb. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Zəngilan Konqres Mərkəzində keçirilir. Düşərgə avqustun 2-dən 8-dək davam edəcək və 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar "Dirçələn Şəhərlər" şüarı altında təşkil olunub.
Açılış mərasimində dünyanın 64 ölkəsindən 120-dən çox diaspor gənci iştirak edir. Tədbir proqramına Prezident İlham Əliyevin Zəngilana tarixi səfəri və şəhərdə Azərbaycan bayrağının ucaldılmasına həsr olunmuş videoçarxların nümayişi, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun çıxışı daxildir. Bundan əlavə, əvvəlki yay düşərgələrinə və komitənin fəaliyyətinə həsr olunmuş videomateriallar da təqdim ediləcək.
Düşərgənin proqramı Şərqi Zəngəzurun və Qarabağın tarixi-mədəni irsi ilə tanışlığı, şəhid ailələrinin üzvləri, qazilər, dövlət rəsmiləri və müxtəlif sahələr üzrə ekspertlərlə görüşləri əhatə edir. İştirakçılar panel müzakirələrində və seminarlarda iştirak edəcək, işğaldan azad olunmuş rayonlara səfərlər edəcək, həmçinin dil dərsləri, intellektual oyunlar və təlimlərdə iştirak edəcəklər.
Qeyd edək ki, Diaspor Gənclərinin ilk Yay Düşərgəsi 2018-ci ildə Şəki şəhərində keçirilib. İndiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə təşkil olunan düşərgələrdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib. İyulun 31-də Azərbaycana gələn iştirakçılar Şərqi Zəngəzurda milli musiqinin sədaları altında qarşılanıblar.