Sabah Bakıda 35°, rayonlarda 39° dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin açıqladığı proqnoza görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə mülayim şimal-qərb küləyi əsəcək, gündüz isə şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda isə gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Havanın isti keçəcəyi gözlənildiyindən vətəndaşlara gündüz saatlarında günəş altında qalmamaq və bol maye qəbul etmək tövsiyə olunur.