Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları Şəmkir rayonunda, “Ağ dağlar” yolunun yaxınlığında fərdi sahibkar Nəriman Əliyevə məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparıblar. Bu barədə FHN-dən məlumat verilib.
Yoxlama zamanı müəyyən edilib ki, Agentliyin müfəttişləri tərəfindən bir müddət əvvəl istismarı dayandırılmış 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular aradan qaldırılmayıb və onların qanunsuz şəkildə istismarı bərpa edilib. Belə ki, tutumların əvvəllər aşkar edilmiş istismar müddətinin bitməsi, tam texniki müayinələrin aparılmaması, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmaması kimi pozuntular bir daha təsdiqlənib.
Aşkarlanmış pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, həmin 2 ədəd təzyiq altında işləyən tutumun istismarı yenidən dayandırılıb. Bundan əlavə, pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və Agentliyin müvafiq qərarının surəti sahibkara təqdim edilib.
Qeyd edək ki, bu, həmin obyektdə keçirilən təkrar yoxlamadır və əvvəlki yoxlamada da eyni problemlər aşkar edilmişdi. Agentlik tərəfindən obyektin fəaliyyətinə nəzarət davam etdirilir.