Sahibə Qafarova Cənubi Afrikada parlament sədrlərinin konfransında iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində keçirilən Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib. Tədbir Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə baş tutub və orada Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Sahibə Qafarova müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara diqqət çəkib. O vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Spiker qeyd edib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır və siyasi öhdəliklərin qanunvericilikdə əks olunmasına töhfə verirlər.
Sahibə Qafarova bildirib ki, bu tədbirdə o, həm Azərbaycan parlamentini, həm də sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil edir. O qeyd edib ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını birləşdirən bu Şəbəkə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq platformaya çevrilib.
Milli Məclisin sədri çıxışında parlament həmrəyliyinin mücərrəd prinsip deyil, müasir beynəlxalq münasibətlər sistemində praktiki zərurət olduğunu vurğulayıb. O, Pan-Afrika Parlamentinin Afrika birliyi, inkişafı və qlobal mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib və qurumun "Afrika Gündəliyi – 2063" sənədində təsbit olunmuş məqsədlərin reallaşdırılmasına xidmət etdiyini bildirib. Spiker Afrikanın artıq qlobal müzakirələrin sadəcə obyekti deyil, həmin müzakirələrin formalaşdırılmasına getdikcə daha çox töhfə verən tərəf olduğunu vurğulayıb.
Sahibə Qafarova həmçinin Parlamentlərarası İttifaqın (PAİ) müxtəlif siyasi sistemləri və regionları birləşdirən mühüm qlobal parlament platforması kimi rolunu qeyd edib. O bildirib ki, həqiqi inklüzivlik bütün regionların yalnız təmsil olunmasını deyil, həm də prioritetlərin müəyyənləşdirilməsi və rəhbərliyin həyata keçirilməsi proseslərində bərabər iştirak imkanını nəzərdə tutur. Spiker PAİ ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və çıxışının sonunda Pan-Afrika Parlamenti və Afrika ölkələrinin parlamentləri ilə həmrəyliyini ifadə edərək, beynəlxalq münasibətlər sistemində Afrikanın daha güclü səsə və daha fəal rola malik olmasının vacibliyini qeyd edib.