Qəbələ Festivalında ilk dəfə Azərbaycan və dünya kinofilmlərindən musiqilər səsləndirilib
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan" şirkətinin dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk dəfə olaraq Azərbaycan və dünya kinofilmlərindən musiqilər ifa edilib. Layihə Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə "Scorrendo" Orkestrinin müşayiəti ilə həyata keçirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsert proqramında solistlər – skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva çıxış ediblər. Proqramda Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm" və Fikrət Əmirovun "Böyük dayaq" filmlərinə bəstələdikləri musiqilər səsləndirilib.
Bununla yanaşı, dünya şöhrətli bəstəkarlar Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Kontinin "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" kimi məşhur filmlər üçün yazdıqları əsərlər də ifa olunub. Müxtəlif nəsillərin sevdiyi ekran əsərlərinin yaddaqalan musiqilərinin canlı ifası amfiteatrda xüsusi ab-hava yaradıb.
Qeyd edək ki, festivalın təşkili Qəbələdə turizmin canlanmasına səbəb olub. Konsert salonları və açıq hava amfiteatrı tam dolub, yerli sakinlərlə yanaşı, çox sayda xarici qonaqlar da tamaşaçılar arasında yer alıb. Festivalın əsas məqsədlərindən biri Qəbələni mədəniyyətlərarası dialoqun mühüm platformasına çevirməkdir.