Qazaxıstan və Azərbaycan arasında Xəzərdə fiber-optik kabel çəkilişinə başlanılıb
Qazaxıstan və Azərbaycanı birləşdirəcək Transxəzər Fiber-Optik Kabel Xəttinin (FOCL) dənizin dibi ilə çəkilişinə start verilib. Bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Layihə çərçivəsində xüsusi kabeldöşəyən gəmi Bakı limanından yola düşərək Aktau istiqamətində işlərə başlayıb.
Əvvəllər Çindən Kurık limanına çatdırılmış optik kabel və ümumi çəkisi 600 ton olan üç böyük kabel səbəti Bakıya gətirilib. Hazırda bu materiallar tam boşaldılaraq gəminin göyərtəsindəki xüsusi kabel çəninə yüklənib. Gəmidə texniki nəzarət üzrə mütəxəssislər və "Kazakhtelecom" ASC-nin nümayəndəsi də daxil olmaqla 70 nəfərlik heyət çalışır.
Layihəni Qazaxıstanın "Kazakhtelecom" ASC və Azərbaycanın "AzerTelecom Int." MMC şirkətlərinin birgə yaratdığı "CaspiLink B.V." müəssisəsi həyata keçirir. Gəminin göyərtəsində fövqəladə hallar və ya kabelin zədələnməsi ehtimalına qarşı xüsusi birləşdirmə otağı qurulub. Kabelin həm Qazaxıstan, həm də Azərbaycan hissələrinin ucları artıq birləşdirilib və bütün optik liflər uğurla sınaqdan keçirilib.
Əlverişli hava şəraiti olduğu təqdirdə dənizin dibi ilə kabelin birbaşa çəkilişinin 15-20 gün ərzində başa çatdırılması gözlənilir. Texnoloji, işəsalma və sazlama işlərinin bütün kompleksinin icra müddəti isə 2026-cı ilin sonunadək müəyyən edilib. İşlərə su tutumu 20 min tondan çox olan, müasir dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş gəmi cəlb olunub.
Mütəxəssislər dəniz işlərinə başlamazdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, həmçinin ekoloji icazə alıblar. Bu layihə regionda rəqəmsal infrastrukturun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.