Qaxda ağır yol qəzası: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində iyulun 30-da saat 16:00 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində hadisə yerində bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza nəticəsində "Mercedes" avtomobilinin sərnişini, 60 yaşlı Tacəddin Əhmədov hadisə yerində vəfat edib. Yaralılar arasında "Mercedes"in sürücüsü, 44 yaşlı Xəyal Həşimov, "Niva"nın sürücüsü, 66 yaşlı Novruz Mənəfov və "Mercedes"də olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev var.
Xəsarət alan üç nəfər saat 17:30 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Yaralılardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır. Hazırda yaralıların müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.