Özəl universitetdən dövlət universitetinə köçürülmə qaydaları açıqlanıb
Azərbaycanda özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr müəyyən şərtlər daxilində dövlət universitetlərinə köçürülə bilərlər. Bu proses Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir. Köçürülmə yay tətili dövründə ildə bir dəfə aparılır və müraciətlər elektron qaydada portal.edu.az vasitəsilə qəbul edilir.
Köçürülən tələbələr, bir qayda olaraq, təhsillərini ödənişli əsaslarla davam etdirirlər. İstisna yalnız dövlət hesabına və ya dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini və təhsilalma formasını dəyişən tələbələrə şamil edilir. Köçürülmə zamanı tələbənin əvvəllər qazandığı kreditlər nəzərə alınır, lakin kreditlərin ən azı yarısını toplamayan tələbələrin köçürülməsinə icazə verilmir.
Tələbənin qəbul zamanı topladığı bal köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından yüksək olmalıdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara köçürülmə zamanı həm buraxılış, həm də qabiliyyət imtahanlarının nəticələri nəzərə alınır. Tələbələr yalnız eyni ixtisas qrupu daxilində ixtisaslarını dəyişə bilərlər. Magistratura səviyyəsində isə yalnız ali təhsil müəssisəsini dəyişməyə icazə verilir, ixtisas və ya ixtisaslaşmanın dəyişdirilməsi mümkün deyil.
Tədris dilinin dəyişdirilməsinə ümumilikdə yol verilmir. İstisna yalnız ingilis dilindən ümumi təhsil aldığı dilə və ya əksinə keçid hallarında tətbiq edilir. Təhsilalma formasının dəyişdirilməsi isə yalnız həmin ixtisas üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda mümkündür. Normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrin köçürülməsinə icazə verilmir.
Subbakalavr kimi ali təhsil müəssisəsinə qəbul olunan şəxslər yalnız təhsilalma formasını dəyişə bilər, onların başqa ali məktəbə köçürülməsi mümkün deyil. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunmuş təhsil proqramlarının məzunları yalnız müəyyən edilmiş ixtisaslara köçürülə bilərlər. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi isə yalnız həmin təhsil müəssisəsinin nizamnaməsində belə imkan nəzərdə tutulduğu halda həyata keçirilir.