MİQ imtahanlarının yenilənmiş nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinin nəticələrini açıqlayıb. İmtahanlar iyulun 14-18-də keçirilib və ölkə üzrə 35 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə 33 mindən çox namizəd imtahanda iştirak edib və davamiyyət göstəricisi 96 faiz təşkil edib.
İmtahanlardan sonra sualların məzmunu ilə bağlı daxil olan müraciətlər ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib. Araşdırma zamanı bir sıra fənlər üzrə test tapşırıqlarında qiymətləndirməyə təsir edən uyğunsuzluqlar aşkar edilib. Belə ki, biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1 və rus bölməsində 3, musiqi fənni üzrə isə rus bölməsində 1 test tapşırığı ilə bağlı problemlər müəyyən olunub.
Aşkar edilən səhvlər nəzərə alınaraq həmin test tapşırıqları üzrə bal düzəlişləri namizədlərin xeyrinə hesablanıb. Bu düzəlişlər müvafiq fənlər üzrə tətbiq edilib və yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib.
Namizədlər miq.edu.az saytında öz şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər. ARTİ-nin məlumatına görə, bütün düzəlişlər şəffaf şəkildə həyata keçirilib və namizədlərin maraqları nəzərə alınıb.