MİQ imtahanlarının nəticələri açıqlanıb, 8 sualda səhv aşkarlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) test imtahanı mərhələsinin nəticələrini açıqlayıb. İmtahanlar iyulun 14-dən 18-dək ölkə üzrə 35 imtahan mərkəzində keçirilib və ümumilikdə 33 mindən çox namizəd iştirak edib. Davamiyyət göstəricisi 96 faiz təşkil edib.
İmtahanlar başa çatdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib. Araşdırma nəticəsində 8 test tapşırığında qiymətləndirməyə təsir edən uyğunsuzluq aşkarlanıb. Səhvlər biologiya fənni üzrə 1, coğrafiya üzrə 1, rus dili və ədəbiyyatı üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1 və rus bölməsində 3, musiqi fənni üzrə isə rus bölməsində 1 sualda qeydə alınıb.
Aşkarlanan səhvlər nəzərə alınaraq həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb. Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, MİQ müsabiqəsi dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün keçirilir və bu il də yüksək iştirak göstəricisi ilə yadda qalıb. ARTİ-nin məlumatına görə, imtahan prosesi şəffaf və obyektiv şəkildə təşkil olunub.