Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
İyulun 31-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın Çolpon-Ata şəhərində yerləşən "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzinə baş çəkib. Bu barədə məlumatı AZƏRTAC və Report agentliyi yayıb.
Səfər zamanı Mehriban Əliyevanı Qırğızıstanın birinci xanımı Aygül Japarova və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva müşayiət edib. Qonaqlar mərkəzin fəaliyyəti və şəraiti ilə yaxından tanış olublar.
Məlumata görə, "Altın-Balalık" mərkəzi 2022-ci ilin may ayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksək keyfiyyətli tibbi-reabilitasiya xidmətləri göstərmək və onların istirahətini təmin etməkdir.
Mərkəzdə 800 çarpayılıq 136 otaq mövcuddur. Hər il yay tətili dövründə burada fəaliyyət göstərən yay düşərgəsində Qırğızıstanın bütün regionlarından və qonşu ölkələrdən 8-8,5 min uşaq istirahət edir. Sentyabrdan növbəti ilin iyun ayına qədər isə mərkəz əlilliyi olan uşaqların reabilitasiyası üçün qəbul edir.