Latviya Belarusla sərhədi texniki səbəblərə görə bağlayıb
Latviya Belarusla dövlət sərhədini müvəqqəti olaraq bağlayıb. Bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkə hesabında məlumat yayıb. Nazir qeyd edib ki, sərhədin bağlanması texniki səbəblərlə əlaqədardır və hələ Latviyaya qayıtmayan vətəndaşlara digər marşrutlardan istifadə etməyi tövsiyə edib.
Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kristine Petersone bildirib ki, sərhədin bağlanması informasiya sistemlərində yaranmış nasazlıqla bağlıdır. "Paternieki" sərhəd nəzarət məntəqəsində informasiya sistemlərinin işində nasazlıq yaranıb və bu səbəbdən sərhəd nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq qeyri-mümkündür.
Nasazlığın dəqiq səbəbləri və problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil. Sərhəd xidməti əlavə məlumat verənə qədər sərhəd keçidi bağlı qalacaq.
Qeyd edək ki, bundan bir gün əvvəl Yanis Dombrava Latviya vətəndaşlarını Belarus ərazisinə səfər etməməyə, artıq orada olanları isə mümkün qədər tez geri qayıtmağa çağırmışdı. Bu çağırış sərhədin bağlanması ilə bağlı qərarın fonunda edilib.