İyulun 30-da itkin düşmüş 10 nəfər tapılıb, Lənkəranda meyit aşkarlanıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 30-da ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin edilib. Polis əməkdaşları tərəfindən axtarışda olduğuna görə ümumilikdə 107 nəfər saxlanılıb, onlardan 77-si borclu şəxs qismində axtarışda olub. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin məlumatında qeyd olunub ki, iyulun 30-da narkotiklərlə əlaqəli 14 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, iyulun 30-da dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 17 ədəd patron aşkar edərək götürüblər.
APA-nın məlumatına görə, iyulun 30-da Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti tapılıb. Yuxarı Nüvədi kənd sakini, 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda aşkarlanıb. Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.