İyul ayında dövlət sərhədini pozan 26 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) iyul ayı ərzində dövlət sərhədinin mühafizəsi, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri həyata keçirib. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Ay ərzində dövlət sərhədini pozduqlarına görə 26 nəfər saxlanılıb. Onlardan 7-si Azərbaycan, 8-i Əfqanıstan, 4-ü Pakistan, 3-ü İran, 1-i Türkiyə, 1-i Livan (qaçqın statusuna malik şəxs), 1-i Rusiya və 1-i Nigeriya vətəndaşıdır.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, habelə özgəsinə məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb. Sərhəd rejim qaydalarını pozduğuna görə 44 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 330 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Ölkədən çıxışı qadağan olunmuş 797 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 31 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 105 kiloqram 793 qram narkotik vasitə, 64 litr narkotik məhlul və 3309 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Bir halda pilotsuz uçuş aparatı vasitəsilə 330 qram narkotik vasitə və 790 ədəd psixotrop həb aşkarlanıb. DSX dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.