İspaniyanın Seuta şəhərindən Mərakeşə təxminən 70 min miqrant qayıdıb
İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri olan Seutadan son 30 saat ərzində təxminən 69,5 min miqrant Mərakeşə qayıdıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Kütləvi sərhəd keçidindən sonra baş verən bu geri dönüş, hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, həm son dalğa zamanı şəhərə gələnləri, həm də əvvəllər orada olan miqrantları əhatə edə bilər.
Polis bildirir ki, miqrantların bir qismi ötən gün ərzində sərhədi hər iki istiqamətdə dəfələrlə keçə bilərdi. Bu səbəbdən faktiki olaraq geri qayıdan insanların sayı açıqlanan rəqəmdən aşağı ola bilər. Eyni zamanda, Taraxal sərhəd dalğakıranında mühafizə maneələrinin quraşdırılmasına başlanılıb.
Xatırladaq ki, ötən həftə İspaniyanın Seuta anklavında Mərakeşdən kütləvi miqrant axını başlayıb. Şimali Afrikanın sahilində yerləşən və İspaniyanın muxtar şəhəri statusuna malik olan Seuta uzun illərdir Avropaya qeyri-qanuni miqrasiyanın əsas nöqtələrindən biri olaraq qalır.
Mərakeşlə quru sərhədi boyunca qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün hündür hasar, tikanlı məftil və digər mühafizə qurğuları quraşdırılıb. Lakin gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, miqrantlar vaxtaşırı sərhəd maneələrini aşıb İspaniya anklavının ərazisinə daxil ola bilirlər.