FIFA Dünya Çempionatının kommersiya hüquqlarının satışı planından imtina edib
Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təklifindən imtina edib. Bu barədə "New York Post" qəzeti mənbələrə istinadən məlumat yayıb. İddialara görə, plana əsasən, turnirin media, marketinq və sponsorluq hüquqlarından əldə olunan gəlirlərin 20 faizinin təxminən 20 milyard dollar qarşılığında xarici investorlara verilməsi nəzərdə tutulurdu.
Qərar, Avropa futbol qurumlarının və azarkeşlərin kəskin etirazından sonra qəbul edilib. Məlumata görə, UEFA və bir sıra Avropa futbol federasiyaları planın həyata keçiriləcəyi təqdirdə FIFA turnirlərini boykot edə biləcəkləri barədə xəbərdarlıq ediblər. Həmçinin, təşəbbüs futbolun kommersiyalaşdırılmasını daha da artıracağı və FIFA-nın müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
"New York Post"un mənbəyi qeyd edib ki, təşkilatda milli komandaları və klubları dünya futbolu gəlirlərinin əhəmiyyətli hissəsini təmin edən Avropa ölkələrinin mövqeyini lazımınca dəyərləndirməyiblər. Mənbə bildirib: "Onlar bundan məmnun deyillər. Onlar heç bir halda bu qarışıqlıqda iştirak etməyə davam etmək istəmirlər".
Yaranan qlobal narazılıq fonunda FIFA rəhbərliyi, o cümlədən prezident Canni İnfantino planı dayandırmaq qərarına gəlib. Qeyd edək ki, bundan əvvəl UEFA və quruma üzv olan 55 milli assosiasiya FIFA-nın dünya çempionatı və digər turnirlərdə payların özəl investorlara satılması planına qarşı birgə bəyanat yayıb.