Estetik cərrah və anestezioloq komaya düşən xəstə ilə bağlı məhkum edilib
Bakıda "MedAura" klinikasında rinoplastika əməliyyatı zamanı xəstənin komaya düşməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevaya hökm oxunub.
Məhkəmə hər iki şəxsi 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edib və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Mülki iddia qismən təmin edilib və zərərçəkənə ödənilməsi üçün Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutulmasına qərar verilib.
İş üzrə dövlət ittihamçısı prosesdə təqsirləndirilən şəxslərə 5 və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini təklif etsə də, məhkəmə daha yüngül cəza təyin edib. Zərərçəkən tərəfin nümayəndəsi isə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.
Müdafiə tərəfi məhkəmədə fərqli mövqelər səsləndirib. Cəmilə Əliyevanın vəkili bildirib ki, onun vəkili olduğu şəxs xəstənin anesteziyasına və intubasiyasına icazə verilmədiyi üçün əməliyyat otağını tərk edib. Yaqub Əsədinin vəkili isə intubasiyadan sonra xəstənin vəziyyətinin pisləşməsində anestezioloqun nəzarətsizliyinin rol oynadığını iddia edib. Təqsirləndirilən şəxslər öz çıxışlarında bəraət istəyiblər.
Qeyd edək ki, ötən ilin aprelində 34 yaşlı Nigar Budaqlı "MedAura" klinikasında rinoplastika əməliyyatı zamanı komaya düşüb və hazırda yataq xəstəsidir. Hadisədən sonra onun anası Nəsimi rayon prokurorluğuna müraciət edib. Hər iki şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham olunub.