Ermənistanda Tsarukyana məxsus "Ararat" konyak zavodu dövlətə keçib
Ermənistanın Baş Prokurorluğu bildirib ki, məhkəmənin qərarı ilə iş adamı və müxalifətçi siyasətçi Qagik Tsarukyana məxsus "Ararat" İrəvan konyak-şərab-araq kombinatının səhmləri dövlətin idarəçiliyinə verilib. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iddiasını təmin edib. Qərar 30 iyul 2026-cı il tarixində qəbul edilib və kombinatın səhmlərinin saxlanılması və idarə edilməsi İqtisadiyyat Nazirliyi vasitəsilə Ermənistan Respublikasına həvalə olunub.
Qeyd edək ki, Baş Prokurorluq 2023-cü il oktyabrın 9-da Qagik Tsarukyan və onun ortaqlarına qarşı iddia qaldırmışdı. İddiada kombinatın səhmlərinin qanunsuz mənşəli əmlak kimi dövlətin xeyrinə müsadirə edilməsi tələb olunurdu.
Bundan əvvəl də Tsarukyana məxsus "Araratsement" zavodu və "Multi Wellness Center" idman kompleksi dövlətin nəzarətinə verilmişdi. Həmçinin, iyunun əvvəlində siyasətçiyə qarşı "xüsusilə böyük məbləğdə vergidən yayınma" maddəsi ilə cinayət işi qaldırılıb və ölkədən çıxışına qadağa qoyulub.