Cəmiyyət

DİM sədri: I ixtisas qrupu üzrə 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir

9 saat 16 baxış 97% yoxlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bu ilki qəbul imtahanlarının ilkin təhlilləri ilə bağlı proqnozlarını açıqlayıb. Onun sözlərinə görə, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir və keçid ballarında müxtəlif istiqamətlərdə dəyişikliklər gözlənilir.

I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda balların 1-2 bal azalacağı, 500-600 bal intervalında isə təxminən 16 bala qədər azalma olacağı proqnozlaşdırılır. 400-500 bal aralığında da təxminən 5 ballıq azalma gözlənilir. Bunun əksinə olaraq, 300-400 bal intervalında keçid ballarının artacağı ehtimal edilir. Bu, həmin bal aralığında nəticə göstərən abituriyentlərin sayının artması ilə əlaqələndirilir.

II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında cüzi azalma gözlənilir. Bu azalmanın əsasən 1-3 bal arasında dəyişəcəyi, 300-400 bal intervalında isə 12 bala qədər çata biləcəyi bildirilir. Lakin 200-300 bal aralığında müsabiqənin güclənəcəyi və keçid ballarının 3-4 bal artacağı proqnozlaşdırılır.

III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3-4 bal azalma mümkündür. 500-600 bal intervalında isə keçid ballarının 3-4 bal artacağı ehtimal edilir. 200-500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1-8 bal artım gözlənilir. IV ixtisas qrupunda isə rəqabətin daha gərgin olduğu vurğulanır. Hazırda 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayının 1000 nəfərdən çox olduğu bildirilir. Bu səbəbdən 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15-17 bala qədər artacağı gözlənilir.

DİM sədri qeyd edib ki, hazırda təqdim olunan statistika ilkindir və iki cəhdin nəticələrinə əsaslanır. Dəqiq statistika yekunlaşdıqdan sonra dərc ediləcək və hər bir abituriyent öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcək. Plan yerlərində müəyyən dəyişikliklərin edildiyi də qeyd olunub və yenilənmiş cədvəlin gələn həftənin sonunda hazır olacağı bildirilib.

← bütün xəbərlər