BDYPİ həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, həftəsonu dövründə bölgələrə səfərlərin sayının artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir. Bu səbəbdən bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb olunur.
BDYPİ səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Qeyd olunub ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Sürücülərə səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət etmək, ara məsafəsini qorumaq, təhlükəli ötmə və manevrlərdən çəkinmək, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durmaq tövsiyə olunub.
Piyadalara müraciətdə isə avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçməyin, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmağın, eləcə də mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etməyin ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola biləcəyi diqqətə çatdırılıb. Piyadalara yolun yalnız müəyyən olunmuş yerlərindən keçmək, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmas yaratmaq və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolu keçmək tövsiyə olunub.
BDYPİ sonda bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırıb. İdarə həmçinin qeyd edib ki, təhlükəsiz hərəkətin əsas şərtləri sırasında yol və hava şəraitinə uyğun sürət seçimi, ara məsafəsinin qorunması və diqqətin yoldan yayınmaması xüsusi əhəmiyyət kəsb edir.