"Bank BTB" lisenziyası ləğv edilib, "T-Kredit" BOKT kimi fəaliyyətə başlayıb
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli qərarı ilə "Bank BTB" ASC-nin bank lisenziyası ləğv edilib. Qərar bankın müraciəti əsasında qəbul edilib və qanunvericiliyə uyğun olaraq onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi prosesini tamamlayıb. Bu çevrilmə nəticəsində "T-Kredit" MMC-yə BOKT kimi fəaliyyət göstərmək üçün lisenziya verilib.
Yenidən təşkil prosesi çərçivəsində "Bank BTB"nin əmanətçilər və digər kreditorlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib və kreditorların məlumatlandırılması təmin olunub. Bu prosesdə "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə "Bank BTB" arasında aktiv və passivlərin ötürülməsi haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, bankın aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.
Müştərilərin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb. Bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb. Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də tamamlanıb — "Bank BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb və kreditlərə xidmətin fasiləsizliyi təmin edilib.
"T-Kredit" BOKT öz fəaliyyətini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında həyata keçirəcək. Bununla da ölkədə bank olmayan kredit təşkilatlarının sayı 53-ə çatıb. Qeyd edək ki, Mərkəzi Bankın 5 mart 2026-cı il tarixli qərarı ilə "Bank BTB"nin BOKT-a çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdi.