Cəmiyyət

AzTV “Qara kabus” sənədli filmini təqdim edib

3 saat 0 baxış 93% yoxlanıb

Azərbaycan Televiziyası (AzTV) narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş “Qara kabus” adlı yeni sənədli film yayımlayıb. Film narkotik təhlükəsinin miqyasını və bu bəlanın cəmiyyətə vurduğu zərəri geniş şəkildə işıqlandırır.

Sənədli filmdə narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, qaçaqmalçılıq marşrutları, dövlət sərhədlərində həyata keçirilən mübarizə tədbirləri və hüquq-mühafizə orqanlarının əməliyyatları əks olunub. Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı görülən işlər, son illərdə əldə olunan nəticələr və müasir çağırışlar barədə məlumat veriblər.

Filmdə həmçinin sərhəddə keçirilən əməliyyatlar, dəniz və quru sərhədlərinin mühafizəsi, müasir texnologiyalardan istifadə edilməklə törədilən cinayət cəhdləri barədə ətraflı bəhs olunur. “Qara kabus” yalnız təhlükənin miqyasını göstərməklə kifayətlənmir, eyni zamanda narkomaniyadan əziyyət çəkmiş insanların həyat hekayələri vasitəsilə bu bəlanın fərdlərə və ailələrə vurduğu ağır zərbəni tamaşaçıya çatdırır.

Sənədli film maarifləndirmənin əhəmiyyətini ön plana çıxararaq gəncləri yanlış seçimlərin acı nəticələri barədə düşünməyə çağırır. Ekran işi narkomaniyanın fəsadları və onunla mübarizə yolları haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

Mənbələr

← bütün xəbərlər