Texnologiya

Azercell-in dəstəyi ilə Azərbaycan məktəbliləri Avropa İnformatika Olimpiadasında 3 medal qazanıb

9 saat 16 baxış 97% yoxlanıb

Litvanın Kaunas şəhərində 24-30 iyul 2026-cı il tarixlərində keçirilən Yeniyetmələrin 10-cu Avropa İnformatika Olimpiadasında (EJOI 2026) Azərbaycan komandası uğurla çıxış edib. Yarışda 25 ölkədən 100 şagird iştirak edib və Azərbaycan təmsilçiləri 3 bürünc medal qazanıblar.

Medallara Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tuncay Paşayev, Kimya və biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi Mahmud İsalı, həmçinin Göyçay şəhərindəki 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Vaqif Abdullayev layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan məktəbliləri bu olimpiadada 2017-ci ildən iştirak edirlər. Ümumilikdə, bu müddət ərzində komanda 4 gümüş və 14 bürünc medal toplayıb. Bu nailiyyətlər ölkənin informatika sahəsində gənc istedadlarının beynəlxalq səviyyədə tanınmasına töhfə verir.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu təşəbbüs şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və ölkənin texnoloji potensialının gücləndirilməsi məqsədi daşıyır.

← bütün xəbərlər