Azərbaycanda və Yaponiyada zəlzələ baş verib
Azərbaycanın Lerik rayonunda və Yaponiyanın şimalında demək olar ki, eyni vaxtda zəlzələlər qeydə alınıb. Lerikdə yeraltı təkanların maqnitudası 3.1, Yaponiyada isə 5.8 olub.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqi Bürosunun məlumatına görə, Lerikdə zəlzələ yerli vaxtla saat 01:47-də, Lerik stansiyasından 16 km şərqdə qeydə alınıb. Təkanların ocağı 26 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Yaponiyada isə Milli Meteorologiya İdarəsinin verdiyi məlumata əsasən, zəlzələ ölkənin şimalında, Aomori prefekturasından şərqdə, Sakit okeanda baş verib. Yeraltı təkanların ocağı 80 km dərinlikdə yerləşib.
Hər iki zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Yaponiyada sunami təhlükəsi də elan olunmayıb.