Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
Azərbaycan energetika naziri Pərviz Şahbazov İstanbulda türkiyəli həmkarı Alparslan Bayraktar ilə görüşüb. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələsi müzakirə edilib və bir sıra regional layihələrin icrasının sürətləndirilməsi barədə razılıq əldə olunub. Bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Razılığa gəlinən layihələr sırasında “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələri var. Bundan əlavə, tərəflər “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə mümkün əməkdaşlıq imkanlarını da dəyərləndiriblər. Şahbazov qeyd edib ki, bu layihələr enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.
Görüşdə Naxçıvandan Türkiyəyə ilkin mərhələdə 1 QVt həcmində elektrik enerjisi ötürülməsinin perspektivli olduğu bildirilib. Layihənin gələcəkdə yalnız Azərbaycandakı mənbələrdən deyil, Mərkəzi Asiyadan da Türkiyəyə elektrik enerjisinin nəqlinə imkan yaradacağı qeyd edilib. Həmçinin iki ölkənin investorlarının layihədə iştirak perspektivləri də müzakirə olunub.
“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, texniki-iqtisadi əsaslandırma və Birgə Müəssisənin yaradılması məsələləri müzakirə edilib. Tərəflər layihənin icrasının sürətləndirilməsinə dair razılığa gəliblər. Söhbət zamanı həmçinin Türkiyənin COP31-ə ev sahibliyi və “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclası çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.