AZAL İstanbul və Tbilisi istiqamətlərində reyslərin sayını artırır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) beynəlxalq marşrut şəbəkəsində uçuş proqramını genişləndirir. Şirkət artan sərnişin tələbatını nəzərə alaraq, Bakı-İstanbul və Bakı-Tbilisi istiqamətlərində həftəlik reyslərin sayını artırıb.
AZAL-ın məlumatına görə, 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı – İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə çatdırılıb. Eyni zamanda, 2-30 avqust tarixləri arasında Bakı – Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayı 42-dən 46-ya yüksəlib.
Şirkətdən bildirilib ki, əlavə reyslər artan sərnişin tələbatını qarşılamaqla yanaşı, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan yaradacaq. Milli aviadaşıyıcı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir.
AZAL marşrut şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir. Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən, həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.