İqtisadiyyat

AZAL İstanbul və Tbilisi istiqamətlərində reyslərin sayını artırıb

14 saat 20 baxış 97% yoxlanıb

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti İstanbul və Tbilisi istiqamətlərində uçuş proqramını genişləndirib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu addım həmin istiqamətlərə yüksək sərnişin tələbatı ilə əlaqədardır.

Avqustun 4-dən sentyabrın 30-dək Bakı-İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, avqustun 2-dən 30-dək isə Bakı-Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayı 42-dən 46-ya çatdırılıb. Əlavə reyslər artan sərnişin axınını qarşılamağa və səyahətçilərə uçuş vaxtı seçimində daha çox imkan yaratmağa imkan verəcək.

AZAL mütəmadi olaraq sərnişin axınını təhlil edir və bazar tələbatına uyğun olaraq uçuş proqramını optimallaşdırır. Şirkət marşrut şəbəkəsinin inkişafı, donanmanın modernləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərini davam etdirir.

Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqində, həmçinin aviaşirkətin kassalarında və akkreditə olunmuş agentliklərdə əldə etmək mümkündür.

← bütün xəbərlər