Avqustun 1-də hava: Bakıda 36, rayonlarda 39 dərəcə isti gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.
Xidmətin məlumatına görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında avqust ayında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27 dərəcə, gündüzlər 30-35 dərəcə, birinci və ikinci ongünlüyün bəzi günlərində isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 6-8 mm).