Avarçəkənlər Ziya Məmmədzadə və Nurlan Paşayev Avropa çempionatının gümüş mükafatını qazanıblar
İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngül çəkili idmançılar arasında yarışlar başa çatıb. Azərbaycanı bu yarışda iki idmançı təmsil edib.
Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə mübarizə aparıb. Onlar finiş xəttini ikinci keçərək gümüş medal qazanıblar.
Qeyd edək ki, bu idmançılar bundan əvvəl də uğur qazanıblar. Onlar iyunun 12-14-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda bürünc medala layiq görülüblər.