ADY dəmir yolunun təhlükəsizlik zonasında mühafizəni gücləndirəcək
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları”nı təsdiq edib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Qaydalar, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulan bir sıra dəmiryol xətlərinin təkmilləşdirilməsi və bərpası layihələrinin icrasını təmin etmək məqsədi daşıyır.
Sənədə əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xəttinin oxunun hər iki istiqamətində 11 metr məsafəni əhatə edən xüsusi istifadə rejimli torpaq sahələri hesab ediləcək. ADY bu zonada dəmiryol xəttinin oxunun hər iki tərəfində 9 metr məsafədə, hündürlüyü yer səthindən 2,20 metrdən artıq olmayan qoruyucu çəpərlər və ya torlar quraşdıracaq.
Bundan əlavə, insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə avtomobil yolları ilə dəmir yolunun kəsişmələrində qatarların hərəkət tezliyi və avtomobillərin hərəkət intensivliyi nəzərə alınmaqla müxtəlif səviyyəli və ya qorunan xüsusi keçidlər təşkil ediləcək. Təhlükəsizlik zonasının mühafizəsi üçün ərazi videomüşahidə sistemləri ilə təchiz olunacaq və 24/7 rejimində nəzarətdə saxlanılacaq.
Qaydalara görə, təhlükəsizlik zonasında digər təyinatlı bina, tikili və qurğuların yerləşdirilməsinə və inşasına icazə verilməyəcək. ADY son illər sərnişinlərin və dəmir yolu infrastrukturu ətrafında yaşayan əhalinin təhlükəsizliyinin artırılması məqsədilə dəmiryol infrastrukturunun modernləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu çərçivədə maarifləndirmə tədbirləri təşkil olunur, keçidlərdə infrastruktur yenilənir, yol nişanları təkmilləşdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində ümumilikdə 100 min metr uzunluğunda qoruyucu hasarlar quraşdırılıb.