ABŞ-da 100-ə yaxın pişiyi oğurlayan qadın həbs edilib
ABŞ-ın Florida ştatında 77 yaşlı qadın, evində antisanitar şəraitdə saxladığı təxminən 100 pişiyə görə həbs edilib. Geyl Custino adlı qadın iyulun 20-də saxlanılıb və ona heyvanlara qəddar rəftar və onları lazımi şərait olmadan saxlama ittihamları irəli sürülüb.
Yerli şerif idarəsinin məlumatına görə, qadının evində işlək kondisioner olmayıb və temperatur 40 dərəcədən yuxarı olub. Döşəmələr qalın nəcis təbəqəsi ilə örtülüb, bəzi pişiklərin pəncələri bərkimiş nəcisdən təmizlənməli olub. Qeyd olunur ki, ev sahibi 2014-cü ildən bəri heyvanların saxlanması qaydalarını pozduğuna görə dəfələrlə məsuliyyətə cəlb edilib, lakin vəziyyət pisləşməkdə davam edib.
Polis bildirib ki, qadın səmimi şəkildə heyvanlara kömək etdiyinə inanıb, lakin onun hərəkətləri pişiklərin əzab çəkməsinə səbəb olub. Hüquq-mühafizə orqanları onun lazımi psixiatrik yardım alacağına ümid etdiklərini də qeyd ediblər.
Sığınacaq əməkdaşlarının sözlərinə görə, xilas edilən pişiklərin çoxu ağır psixoloji vəziyyətdə olub və insanlara reaksiya verməyiblər. Lakin bir neçə gündən sonra onlar ətrafa maraq göstərməyə və diqqət axtarmağa başlayıblar. Bəzi heyvanlar artıq əsl sahiblərinə qaytarılıb, sahibləri tapılmayanlar isə reabilitasiyadan sonra yeni ailələrə veriləcək.