"Tağıyev" filmi Azərbaycan kinoteatrlarında ən çox izlənilən yerli film oldu
Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev" bədii filmi Azərbaycan kinoteatrlarında 200 mindən çox izləyici toplayıb. Dörd hissədən ibarət kinosaga — "Tağıyev: Neft", "Tağıyev: Çar", "Tağıyev: Sona" və "Tağıyev: Məktəb" — ölkənin aparıcı kinoteatr şəbəkələrinin rəsmi statistikasına əsasən, ən çox izlənilən Azərbaycan filmi kimi tanınıb.
Dördseriyalı layihənin ilk hissəsi olan "Tağıyev: Neft" 2024-cü ildə, görkəmli azərbaycanlı xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyi münasibətilə təqdim edilib. "Tağıyev: Məktəb" filminin premyerası isə 2026-cı ildə baş tutub və Tağıyevin təsis etdiyi, Azərbaycanda təhsilin inkişafında mühüm rol oynamış ilk müsəlman qızlar məktəbinin açılışının 125 illiyinə həsr olunub. Hər bir hissə ölkədə əhəmiyyətli mədəni hadisəyə çevrilib və geniş izləyici auditoriyası cəlb edib.
Film beynəlxalq aləmdə də tanınıb. "Tağıyev: Neft" Azərbaycan tərəfindən Amerika Kino Sənətləri və Elmləri Akademiyasının 98-ci mükafatına ("Oskar") "Ən yaxşı beynəlxalq bədii film" nominasiyasında rəsmi namizəd kimi irəli sürülüb. Film həmçinin Los-Ancelesdə, 2026-cı ildə isə Londonda BAFTA-nın Princess Anne Theatre zalında nümayiş etdirilib. "Dədə Qorqud" kinofestivalında baş rolun ifaçısı, xalq artisti Pərviz Məmmədrzayev Hacı Zeynalabdin Tağıyev obrazına görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb.
Filmin istehsalı Azərbaycan kinematoqrafiyası tarixində ən genişmiqyaslı layihələrdən biri olub. Çəkilişlər 76 müxtəlif lokasiyada aparılıb, kütləvi səhnələrdə təxminən 2500 nəfər iştirak edib. Tarixi atmosferin yaradılması üçün 300-dən çox dekorasiya hazırlanıb, xüsusi geyim emalatxanasında çoxlu sayda tarixi kostyum, aksessuar və unikal rekvizitlər istehsal olunub. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Zaur Qasımlıdır.
Qeyd edək ki, Azərbaycan Milli Kino Günü münasibətilə CinemaPlus şəbəkəsinin kinoteatrlarında "Tağıyev" filmləri həftəsi keçirilir. Avqustun 9-dək tamaşaçılar böyük ekranda böyük xeyriyyəçi və maarifçinin həyatına həsr olunmuş bütün dörd filmi yenidən izləyə bilərlər.