ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları”nı təsdiq edib. Bu qaydalar “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində nəzərdə tutulan bir sıra dəmiryol layihələrinin icrasını təmin etmək məqsədi daşıyır. Söhbət Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı – Sumqayıt xətlərinin təkmilləşdirilməsindən, həmçinin Bakıxanov–Binə – Qala, Zabrat – Maştağa – Bağlar, Yeni Suraxanı – Hövsan və Güzdək – Qaradağ istiqamətlərində xətlərin bərpasından gedir.
Yeni qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası xətlərin oxlarından hər iki istiqamətdə 11 metr məsafədə yerləşən torpaq sahələrini əhatə edəcək. Bu ərazilər xüsusi istifadə rejiminə malik olacaq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizlik zonası daxilində, xəttin oxundan 9 metr məsafədə, hündürlüyü 2,20 metrdən çox olmayan qoruyucu çəpərlər və ya torlar quraşdıracaq.
Bundan əlavə, insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz keçidi üçün avtomobil yolları ilə kəsişmələrdə xüsusi keçid yerləri təşkil ediləcək. Bu keçidlərin layihələndirilməsi zamanı qatarların hərəkət tezliyi və avtomobillərin intensivliyi nəzərə alınacaq. Müxtəlif səviyyəli və ya qorunan keçidlərin yaradılması planlaşdırılır.
Təhlükəsizlik zonasının mühafizəsini gücləndirmək üçün ərazi videomüşahidə sistemləri ilə təchiz ediləcək və 24/7 rejimində izləniləcək. Qaydalara əsasən, bu zonada digər təyinatlı qurğuların, bina və tikililərin yerləşdirilməsinə və tikilməsinə icazə verilməyəcək.
ADY son illərdə dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparır. Şirkət mütəmadi maarifləndirmə tədbirləri keçirir, təhsil müəssisələrində görüşlər təşkil edir, keçidlərdə infrastrukturu təkmilləşdirir və yol nişanlarını yeniləyir. Artıq Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində ümumilikdə 100 min metr uzunluğunda çəpərləmələr həyata keçirilib.